“Güclü qadın – güclü gələcək” gənc qızların maarifləndirilməsi və təşəbbüs İnstitutu layihəsinin növbəti təlimi keçirilib
07 aprel 2023-cü il tarixdə Bakı Biznes və Kooperasiya Kollecində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Güclü qadın – güclü gələcək” gənc qızların maarifləndirilməsi və təşəbbüs İnstitutu layihəsinin növbəti təlimi keçirilib.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Fidan Əzizova, Bakı Biznes və Kooperasiya Kollecinin Təlim Tərbiyə işləri üzrə sektor müdiri Cəmilə Quliyeva, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin Ümumi şöbəsnin rəhbəri Ümidə Kəngərli, Mərkəzin psixoloqu Lətifə Cavadova, layihənin təlimçisi, nitq və diksiya mütəxəssisi, “Charkazli Training and Consultation” MMC-nin direktoru Sona Tanrıverdiyeva və 30 nəfər fəal gənc qız iştirak etmişlər.
İlk öncə “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Fidan Əzizova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi gənc qız şagird və tələbələrin bu sahədə maarifləndirilməsi, onların hüquqlarının təbliği, gender bərabərliyinin təmin olunması, qadın zorakılığı hallarının aradan qaldırılmasıdır.
Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirakçılarını və qonaqları salamladı və qeyd etdi ki, insan hüquqlarının təmin olunması ilə bağlı məsələlər içərisində məişət zorakılığının qarşısının alınması problemi getdikcə daha da aktuallaşır. Statistika bunu göstərir: hər üçüncü qadın həyatda bir dəfə olsa belə zorakılığın, kobud davranışın, 5 min qadın isə hər il öz ailə üzvləri tərəfindən keçirilən qətllərin qurbanı olur. Təəssüf ki, bu məsələ uzun müddət ərzində öyrənilməmiş, gizlədilmiş və məxfi saxlanılmışdır. Hətta Sokrat və Homer kimi antik müəlliflərin əsərlərində qadınlara qarşı neqativ münasibətdən söhbət açılmış, qadının kişilərə tabeçiliyinə dair müddəalar bəzi digər qədim mənbələrdə də yer almışdır.
Daha sonra PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin psixoloqu Lətifə Cavadova və layihənin təlimçisi, nitq və diksiya mütəxəssisi, “Charkazli Training and Consultation” MMC-nin direktoru Sona Tanrıverdiyeva çıxış edərək qeyd etdilər ki, məişət zorakılığı Azərbaycanda geniş yayılmış gender problemidir. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. Məişət Zorakılığı spesifik olaraq genderlə bağlı olan bir davranışdır. Zorakılığı törədən kəslərin böyük hissəsini ənənəvi olaraq məhz kişilər təşkil edir. Məişət zorakılığı çox zaman qadına qarşı törədilən zorakılıq olduğuna görə buna gender əsaslı şiddət də deyilir. Məişət zorakılığı sosial bir bəladır və patriarxal dəyərlərin üstün tutulduğu cəmiyyətlərdə buna çox rast gəlinir. Lakin məişət zorakılığının qarşısının alınmasında, zorakılıqla üzləşmiş qurbanların problemlərinin həll edilməsində və zorakı şəxslərin cəzalandırılmasında dövlətin birbaşa iştirakı qaçılmazdır. Bütün ölkə üzrə məişət zorakılığı hallarının qarşısının alınması işlərində məişət zorakılığı barəsində hüquq mühafizə sisteminin təlimatlandırılması, zorakılığa məruz qalmış və zorakılıq törətmiş şəxslə işin aparılmasında bilik və bacarıqlarının artırılması, yeni sığınacaqların salınması və bu sığınacaqların psixoloq, vəkillər kimi insan resursları ilə təmin edilməsində dövlətin bilavasitə dəstəyi və ya münbit şərait yaratması lazımdır.
Sonda təlimçi və psixoloq gəncləri maraqlandıran sualları cavablandırdılar.