
“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxri edirəm” deyən ümummili lider H.Əliyev Azərbaycan dilinə tükənməz övlad məhhəbəti, rəhbər uzaqgörənliyi ilə qayğı göstərib. Hələ sovet dövründə dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçiliyinin inkişafı dahi rəhbərin xidməti idi.
Öz doğma dilini dərindən sevən, ona dəyərli qiymət verən H.Əliyev 1969- 1982-ci illərdə Sovet Azərbaycanına rəhbərliyi dövründə müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməsi dilimizə verdiyi dəyərin göstəricisi idi.
Çağdaş Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev Azərbaycan ədəbi və danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan, fikirlərini ifadə edərkən söz axtarışına çıxmayan,ana dilində parlaq çıxışları ilə hamını heyran etməyi bacaran natiq idi. O,söz xəzinəmizə daxil olan ifadələri yerliyerində işlədərək öz fikir və düşüncələrini,irad və tövsiyələrini dinləyici auditoriyasına rahatlıqla çatdırırdı.Məhz buna görə də dahi rəhbərin hər bir kəlməsi,hər bir çıxışı yaddaşlarda qalırdı.
Ulu öndər dövlət dili probleminin tarixi-fəlsəfi, hüquqi və milli-mənəvi baxımından həllini tapmaq işini qarşıya məqsəd kimi qoymuşdu ki, bu məsələni də Azərbaycan dilçiləri müvəffəqiyyətlə yerinə yetirdilər. Akademik Ağamusa Axundovun dövlət dilimizin adının Azərbaycan dili olmasını tarixilik baxımından elmi dəlillərlə hərtərəfli əsaslandıraraq dediyi “Dövlət dilimizin adı Azərbaycan dili olmalıdır” fikri Azərbaycan Konstitusiyasında öz əksini tapdı ki,bu da alimimizin rəhbərliyi ilə İ.Nəsimi adına Dilçılık İnstitutunda çalışan dilçilərin dilimizin adının dövlət dili statusu qazanmasında əldə etdikləri qələbə idi.
Dahi rəhbər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müstəqil mövqeyi, siyasəti olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Ana dilinə böyük məhhəbət, onun qrammatik 2 qaydalarını bilmək, sadə, aydın, səlis cümlələrlə danışmaq H.Əliyevin nitq və məruzələrinin əsas məziyyətlərindən idi. O, dilimizin saflığını, mənəvi zənginliyini, onu qorumağın vacibliyini hər zaman vurğulayırdı. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır”. H.Əliyev öz ana dilini bilməyənləri şikəst adlandırmaqla millətin varlığının milli dildən keçdiyini hamıya anladır.
Ulu öndər Azərbaycan ədəbi dilinin saflığının qorunmasına çalışaraq bunu hər bir kəsdən də tələb edirdi. Hətta bu məsələ barədə öz prinsipial mövqeyini birbaşa rəsmi kürsülərdə səsləndirildi: “Dil xalqın böyük sərvətidir. ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Biz tam əminliklə deyə bilərik ki, çoxəsirlik tariximizdə Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmamışdır”.
“Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Şəxsən mən bu dili çox sevirəm”. Ulu öndərin dilimiz haqqında dediyi bu kəlamlar hər bir Azərbaycan vətəndaşını öz dilini mükəmməl öyrənməyə, bu dildə aydın, səlis danışmağa, onun saflığını qorumağa səsləyir.
Müəllif:
Bakı Slavyan Universiteti
Baş müəllimi Aslanova Mətanət Musa qızı