
Cari ilin iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib.
Bu görüşdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev iştirak edib və tədbirin işinə uğurlar arzu edib.
Azərbaycan təşkilata sədrliyi dövründə digər təsisatlarla dialoqun inkişaf etdirilməsinə və əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə nail olub
Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin onlayn formatda keçirilən aralıq konfransında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, bu il biz BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan Hərəkatımızın yaradılmasının 62-cı ildönümünü qeyd edirik. Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatımızın əhəmiyyətini daha da artırıb: “Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə, ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 12 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2023-cü illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi. 2019-cu ilin oktyabr ayında Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünü uğurla təşkil etdi və biz sədrliyi öz üzərimizə götürdük”.
Son bir neçə on ildə bəşəriyyət çox dinamik və mürəkkəb vəziyyətlə üz-üzə qalır. Çünki bəzi ölkələrin yürütdüyü siyasət getdikcə daha da eqoist və qərəzli olur. Halbuki reallıqda kompleks yanaşma olmalı, eyni zamanda, dialoq və həmrəylik ruhu hökm sürməlidir. Bu proses razılaşdırılmış addımlar və anlaşmalar üçün səmərəli siyasi platforma olan Qoşulmama Hərəkatının strukturunun gücləndirilməsi istiqamətində aparılır ki, qəbul edilən qərarlar və qətnamələr beynəlxalq səviyyədə müsbət həllini tapsın, həqiqi təsir gücünə malik olsun. Qoşulmama Hərəkatının prinsipləri və niyyətləri üzv ölkələrin sabit inkişafına yardım edir. Təşkilat hansısa tərəfin hegemonluğuna və digər ölkələrin sabitliyinə olan hücumlara qarşıdır.
Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatının Azərbaycana dəstəyinin önəmini vurğulayan dövlət başçısı cənab İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr – İndoneziya, Tunis, Niger, Dominik Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası, Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.
Sözügedən ölkələrin belə qəti mövqe sərgiləməsi Qoşulmama Hərəkatının prinsip və dəyərlərinə sadiqliyini və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Azərbaycan tərəfindən bu mövqe ikitərəfli nümasibətlərdə tarixi dostluq əlaməti kimi qəbul olunur. Məlumat üçün bildirək ki, Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür və təşkilata 2011-ci ildə qəbul olunub. Və elə həmin il bu qurumun və onun üzvlərinin dəstəyini alıb. Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı özünü göstərib. Azərbaycan Qoşulmama Hərəkatındakı tərəfdaşlarının güclü dəstəyini alıb. Bu, o qədər də asan məsələ olmayıb. Çünki Azərbaycanın güclü rəqibləri var idi və həmin rəqiblər bu təşkilata üzv olmayan ölkələr idi. Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi üçün 16 raund tələb olundu və ölkəmiz 155 dövlətin dəstəyi ilə qeyri-daimi üzv seçildi. Beləliklə, Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi Azərbaycanın ən mötəbər beynəlxalq quruma üzv seçilməsində həlledici rol oynadı.
Bu görüşün ən önəmli cəhətlərindən biri, Neokolonizmlə mübarizəyə və Fransanın açıq neokolonializm siyasəti, havadarlarından qaynaqlı Ermənistanın destruktiv siyasəti və digər global məsələlər ələ alındı.
MEHMAN MUSAYEV
Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalı,
AAYDA Magistral Yolların İstismarı və Təmiri Şöbəsinin rəisi