1992-ci ildə Laçının işğal edilməsi Azərbaycan xalqının düşmən təcavüzü qarşısında müqavimətini əhəmiyyətli dərəcədə sarsıtmışdı. İşğalçı Ermənistanla Qarabağ separatçıları arasında son dərəcədə strateji əhəmiyyətli mövqeyə malik olan Laçın rayonunun itirilməsi savaşların nəticəsinə xeyli dərəcədə təsir göstərdi. Lakin belə böyük bir itki də xalqımızı sarsıtmadı, onun qələbə əzmini qıra bilmədi. Bütün işğal dövründə hər bir Laçınlı öz doğma torpaqlarına qayıtmaq inamı ilə yaşadı və qayıtdı. 31 illik işğaldan sonra Ordumuzun şücaəti və dövlət başçımızın mahir diplomatiyası sayəsində döyüşsüz təhvil alınan Laçın şəhəri viran edilmiş vəziyyətdə idi. Gecə-gündüz dayanmadan aparılan abadlıq-quruculuq işlərinin nəticəsində Laçın öz füsunkar simasını bərpa etməkdədir. Böyük Qayıdışın növbəti mərhələsi olan Laçına qayıdış artıq başlanıb. Mayın 28-dən başlayan qayıdış prosesində artıq 245 ailədən ibarət olan 1000-ə yaxın sakin öz doğma evlərinə qovuşmağın sevincini yaşayır. Bu ilin sonuna qədər daha 900 ailə üçün yeni evlərin tikintisinin başa çatdırılması nəzərdə tutulub. Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqust “Laçın Şəhəri Günü” elan edilib. 3 il öncə dekabrın 1-də işğaldan azad olunan Laçın şəhəri bu gün bayram əhval-ruhiyyəsindədir. İlk “Laçın Şəhər Günü” Qarabağın Fatehi, ölkə başçısı İlham Əliyevin iştirakı ilə keçirildi.
“Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən məhv edilmişdi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdı. Artıq Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb. Laçında aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri onun sakinləri üçün ən müasir standartlara uyğun həyat şəraiti təmin edir” institut direktoru qeyd etdi.
A. Nemətli qeyd edib ki, rayonun yol-nəqliyyat infrastrukturu yenidən və ən müasir standartlar üzrə qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən, uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu tikilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpünün də inşa edilməsi nəzərdə tutulur.
Azərbaycan xalqı bu zəfəri qazananları və bu möhtəşəm tarixi yaradanları heç vaxt unutmayacaq.
Azər Nemətli,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru, YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədr müavini