Yeni dünya nizamının yaranması artıq heç kəsdə şübhə doğurmasa da, proseslərin necə yekunlaşacağı hələ də məlum deyil. Daha doğrusu bir sıra dövlətlər və transmilli şirkətlər istisna olmaqla dünyada, obrazlı şəkildə desək heç kəs bu və ya digər ərazidə nəyin nə üçün baş verməsində heç maraqlı da deyil. Bu dövlətərin və şirkətlərin işi isə yeni münaqişə ocaqları yaratmaqla öz maraqlarını təmin etməkdən ibarətdir. Hər hansı bir əraziyə müdaxilə etmək isə müasir dövrün texnoloji imkanlarından istifadə etməklə daha rahatlaşıb. Düstur isə çox sadədir. Əvvəl xidmətlərində olan mətbuat və sosial şəbəkələrin imkanlarından istifadə edərək görüntü yaradılır. Sonra müvafiq ərzilərdə yerləşən 5-ci kolonlar vasitəsilə daxili çaxnaşma baş verir. Daha sonra reallıqda heç bir gücü olmayan, amma özlərini beynəlxalq hüququn və insan haqqlarının əsas müdafiəçisi kimi təqdim edən marionet təşkilatlar işə düşür. Nəhayət birdən-birə hansısa “super” qüvvə çıxır və proseslərə birbaşa təsir göstərir.
Açıq demək lazımdır ki, dünyada baş verən münaqişələri təhlil etdikdə əsas pozuculuq fəaliyətinin məhz Amerika Birləşmiş Ştatları tərəfindən törədildiyini görərik. ABŞ bütün resurslarından istifadə edərək öz maraqlarının həyata keçirilməsini təmin edir. Misal üçün, son olaraq Ukrayna-Rusiya müharibəsinə nəzər salsaq prosesin bu vəziyyətə gəlməsinin və qardaş xalqların bir-birini öldürməsinin əsas müəllifinin məhz ABŞ olduğunu görərik. ABŞ bu müharibənin baş verməsi üçün əlindən gələni etdi və istəyinə nail oldu. Bu münaqişədə ABŞ-ın strateji hədəfi Rusiyanı zəiflətmək, iqtisadiyyatları güclənən və artıq Amerikanı tək qlobal güc kimi qəbul etməyən Avropa dövlətlərinə dərs vermək, zəifləmiş Rusiyanın bu vəziyətindən istifadə edərək yaxın şərqdə istəklərinə nail olmaq, köhnəlmiş silahlarını təmmənasız yox, borc şəklində Ukraynaya verərək bu dövləti özlərinin əbədi vassalına çevirmək və.s.-dir. Ölən və didərgin düşən insanlar isə Amerika üçün sadəcə olaraq statistikadır. Hər bir ölkədə yaranan deyimlər və atalar sözləri əslində həmin dövlətin xarakterini göstərir. Amerikada belə bir deyim var: “yalanın üç növü var: yalan, ağ yalan və statisika”. Düşünürəm ki, bu misal da bu dövlətin simasızlığını göstərir.
Əfsuslar olsun ki, indi bu azğınlaşmış dövlət öz caynaqlarını bizim regiona keçirmək istəyir. Düzdür, Vətən müharibəsindən əvvəl də ABŞ-ın Azərbaycanda dövr-dövr ciddi pozuculuq fəaliyətinə cəhdlərini görmüşük. Konkret olaraq desək, dünyada rəngli inqilablar baş verdiyi vaxt ABŞ-ın Azərbaycanda canfəşanlıq etdiyinin, sonrakı dövrdə FETÖ xətti ilə istəklərinə nail olmaq cəhdlərinin, qrant monopoliyası yaradaraq ölkəmizdəki tərəfdarlarını məhz dövlətə qarşı qaldırmaq istəklərinin şahidi olmuşuq. Ayrı-ayrı dövrlərdə isə sosial layihə kimi təqdim etdikləri müxtəlif proyektlər vasitəsilə də uğursuz cəhdlərinin şahidi olmuşuq. Bunlar hamısı cəhd olaraq qalıb. Çünki, reallıqda Azərbaycanda güclü dövlət və möhkəm xalq-iqtidar birliyi olub. Həm də onlar Azərbaycan xalqının müdrikliyini nəzərə almayıblar. Əllərinin altında saxladıqları antimilli qüvvələr vəziyəti başqa cür təqdim etsələr də, müdrik xalqımız həm bu satılmışlara, həm də Amerikanın timsalında xarici qüvvələrə yaxşı bələddir. Yeri gəlmişkən, Amerikanın böyük yatırım etdiyi içimizdəki satılmışlar bir gün narıncı, bir gün fetoçu, bir gün vətəndaş cəmiyəti fəalları, bir gün də dindar olurlar. Satılmaqdan ötəri hər şey olurlar. Bir tək milli və dövlətçi ola bilmirlər.
Vətən müharibəsindəki parlaq və tarixi qələbəmizdən sonra regionda vəziyət tamamilə dəyişdi. Bəzi hallarda bu regiona fikir verməyən qüvvələr artıq ciddi şəkildə Cənubi Qafqaz regionuna maraq göstərirlər. Təbii olaraq bura maraq göstərən bütün maraqlı dairələr bölgənin aparıcı dövləti olan Azərbaycanla hesablaşmaq məcburiyətində qalırlar. Ölkə başçısı uğurlu diplomatik gedişlər edərək dövlətimizin mövqelərini daha da gücləndirir. Ölkə başçısı Azərbaycanın mövqeyini və maraqlarını açıq şəkildə ortaya qoyur, müdafiə və təmin edir. Təbii olaraq belə güclü mövqeni heç də hər bir dövlət qəbul etmək istəmir. Onlar öz təzyiq imkanlarından istifadə edərək nəyəsə nail olmaq istəyirlər. Tarix isə onu göstərib ki, bunlar sadəcə istək olaraq qalıb və qalacaq. Amerika rəsmilərinin son fikirləri və bəyanatları cılız təzyiq cəhdləridir və uğursuzluğa məhkumdur. Amerikalılar da yaxşı başa düşürlər ki, Azərbaycanla təzyiq dilində danışmaq mümkün deyil. Ermənistan dövləti müxtəlif siyasi sınaqların keçirildiyi bir laboratoriya ola bilər. Azərbaycan isə tarixi ənənələri, möhkəm dövlətçilik tarixi, güclü rəhbəri, müdrik xalqı olan bir dövlətdir.
Amerika bu gün dünyada LGBT dəyərlərinin müdafiəçisi kimi dəyərsizliyin, FETÖ, İŞİD, PKK və.s kimi terror təşkilatlarını müdafiə etməklə terrorizmin, özünün yaratdığı münaqişələrdə milyonlarla insanın ölümünə sabəb olmaqla ən böyük insanlıq cinayətlərinin, İslam dəyərlərini gözdən salmaq cəhdləri ilə dinsizliyin, müxtəlif separatçı qüvvələrə dəstək verməklə separatizmin simasıdır.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü