
Son illər Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri diqqət doğuran hadisədir.
Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə rəsmi səfərləri ondan xəbər verir ki, həqiqətən də münasibətlər yeni mərhələyə keçir və bu səfərlər təkcə ikitərəfli münasibətlərə yox, həm də regionlar arasındakı münasibətlərin inkişafına da təkan verir. Burada söhbət təkcə sırf ticarət dövriyyəsinin artırılmasından yox, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsindən gedir. Bu addımlar Azərbaycan iqtisadiyyatı ilə Mərkəzi Asiya dövlətlərinin iqtisadiyyatı arasında daha sıx bağlılığı təmin edir.
Son dövrlər Azərbaycanın regionda və dünyada tranzit ölkə kimi əhəmiyyəti xeyli dərəcədə artıb. Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur.
2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb.
Unutmamalıyıq ki, Mərkəzi Asiya ölkələri daim Azərbaycanın haqq işinə dəstək verib. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni siyasi cığır, ölkələr arasında yeni perspektivlərin yaranması bundan sonra da uğurla davam və inkişaf edəcəkdir.
Azərbaycan hazırda Mərkəzi Asiya ölkələri ilə sənaye, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. Hər iki plkədə səfirliklər fəaliyyət göstərir. Bundan başqa Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycanın Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. Universitetlər arasında əməkdaşlıq çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov