Azərbaycan diyarı tarixin bütün mərhələlərində özünün bir sıra nailiyyətləri ilə özünü təsdiq etmiş bir məkandır. Keçmişi vərəqlədikcə qanlı-qadalı sınaqlar, qırğınlar, haqsızlıqlar insan qürurunu incidir. Bütün bunların fonunda nahaq yerə əlimizdən alınıb digər dövlətlərə birləşdirilmiş yurd yerlərimiz, el-obasından köç etmiş soydaşlarımızın sükut dolu fəryadları elə bir ümidsiz təəssürat yaradırdı ki, sanki biz məğlubiyyətlə barışmalı, xalqımıza, millətimizə məxsus olanı səssizcə düşmən tərəfə “hədiyyə etməli” idik.
Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi dövrlər, hər mənada, o qədər ağır dönəmlər idi ki, iqtisadiyyatımızın, təhsilimizin, daxili və xarici siyasətimizin, milli maraqlarımızın inkişafını düşünəcək bir vəziyyətdə deyildik. Lakin Ümummilli Liderimiz Heydər Əliyev hər zaman böyük ümidlə addım-addım bütün bunlara nail olacağımıza inamını ifadə edir və öz xalqını bütün səmimiyyəti ilə buna inandırmağa çalışırdı. Mütləq şəkildə qeyd etmək lazımdır ki, müəyyən mənada da buna nail ola bilmişdi. Özündən sonra ürəklə etibar edə biləcəyi bir lideri yetişdirib Azərbaycanı əmanət etməyi bunun əyani sübutudur. Ölkə başçımız, Cənab Ali Baş Komandanımız İlham Əliyevin layiqli şəkildə davam etdirdiyi ideya-siyasi fəaliyyət nəticəsində Azərbaycan artıq inkişaf edən dövlətlər sırasına qoşuldu, öz sözünü hər sahədə deməyi bacaran ölkə kimi dünyaya gücünü nümayiş etdirməyə başladı. Heç zaman ümidsizlik nümayiş etdirmədi Azərbaycan xalqı, öz liderinin ətrafında sıx birləşdi, öz sərkərdəsinin siyasi yolunu dəstəklədi. Dəfələrlə Azərbaycan Ordusunun gücü Azadlıq Meydanında təşkil olunmuş paradlarda nümayiş olundu. Hər dəfə də öz gücünü artırdığını yeni texnikaların sərgilənməsi ilə bəyan edirdi. Doğrudur, buna ağız büzənlər, hətta qələbəyə inamını tamamilə itirənlər də var idi. Çünki düşmən tərəf çox güclü dəstəkçilərinə güvənərək meydanda at oynadırdı. Lakin Azərbaycan dövləti öz gücünə, milli birliyinə, liderinə inamına arxalanaraq bu çətin, şərəfli missiyanı tamamladı. Hər il sərgiyə çıxarılan o silahlar artıq öz sözünü dedi. Mülki əhaliyə zərər yetirmədən əsl hərbi savaş apardı və bu məqamda qələbə illərdir sürən tərəddüdlərə, şübhələrə son nöqtəni qoymuş oldu.
2020-ci ilin dekabr ayının 10-da Azadlıq meydanında keçirilən Zəfər Paradı II Qarabağ Müharibəsində Azərbaycanın qazandığı qələbənin şərəfinə təşkil olunmuşdu. Üç min Azərbaycan əsgər və zabitinin, o cümlədən türk əsgər və zabitlərinin də qatıldığı bu möhtəşəm paradı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Azərbaycan Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir.
İllərdir ki, Azadlıq meydanından başlayan paradlar, 2020-ci ilin 10 dekabrında keçirilən və 2023-cü ildə Xankəndində davam edən Zəfər paradı Azərbaycan tarixinə yazılmış şanlı səhifədir. Bu, 30 il ərzində itirdiklərimizin geri qaytarılmasının sevincidir, haqsız yerə incidilmiş milli qürurumuzun bərpasının təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin də vurğuladığı kimi: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradır. Bu, tarixi hadisədir.” Həqiqətən də, bu tarixi hadisə Azərbaycanın Qarabağ zəfərinin yarım qalmış parçasının tamamlanmasıdır. Biz çox ümid edirik ki, ötən yüzillikdə itirdiklərimizin də təntənəsini növbəti paradlarda yaşayacağıq, bu önəmli paradın ardı qərbi Azərbaycan torpaqlarının, ulu yurd yerlərimizin geri qaytarılması ilə nöqtələnəcəkdir. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycançılıq ideyaları!
Fatimə Vəliyeva
Bakı Slavyan Universiteti