Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır və katibliyi Bonn şəhərində yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il Azərbaycanda keçiriləcəkdir. Bununla bağlı qərar COP28-in plenar iclasında verilmişdir. Belə ki, COP28-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir COP-un növbəti konfransının Azərbaycanda keçiriləcəyini elan etmişdir. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə də, Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi ölkə Prezidenti, cənab İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Bu tədbir, həmçinin, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı bir cavabdır.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Biz iqlim dəyişikliyinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin vacibliyini dərk edir, birgə təşəbbüslər vasitəsilə təsirimizi gücləndirməyi və davamlı gələcəyə doğru irəliləyişi sürətləndirməyi hədəfləyirik. Qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət tələb edir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi, şübhəsiz ki, bugünkü uğurumuzda həlledici rol oynayıb…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi