Azərbaycan hər zaman regionda, ümumiyyətlə, qlobal aləmdə sülhün və sabitliyin qorunmasının tərfdarı olub.
Azərbaycanda qlobal iqlim dəyişmələrinə qarşı konkret tədbirlər həyata keçirilir. Bu istiqamətdə ölkəmiz götürülən öhdəlikləri tam yerinə yetirir. Hazırda ölkədə bərpa olunan enerjidən istifadənin genişlənməsi istiqamətində fəal iş aparılır. Bununla bağlı beynəlxalq əməkdaşlıq gücləndirilir. Karbonun udulması üzrə yeni meşə massivləri salınıb. Günəş panellərinin sayı ildən-ilə artırılır. Hətta ölkəmizdə günəş panelləri istehsal edən zavod fəaliyyət göstərir. Bütün bu tədbirləri Azərbaycan dövləti öz maliyyə vəsaiti hesabına həyata keçiririr. Azərbaycanın qlobal iqlim dəyişmələrinə qarşı mübarizə istiqamətində beynəlxalq aləmə verəcəyi ən böyük töhfə COP29 tədbiri olacaq. Prezident İlham Əliyev 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışında bu haqda da danışıb: “Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır. Mən artıq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərmişəm və noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram”.
Yeri gəlmişkən, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışında COP29-un keçirilməsində Azərbaycanın dövlət başçısına uğurlar arzulayıb: “Ölkələrimiz qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək üçün böyük imkanlara malikdir. Ekologiya və iqlim dəyişikliyinin nəticələri ilə mübarizə sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Biz oxşar çağırışlarla üzləşirik, ona görə də qarşılıqlı fəaliyyətin genişləndirilməsi, koordinasiyanın artırılması və iqlim gündəliyi üzrə təcrübə mübadiləsi xüsusi əhəmiyyətə malikdir. Fürsətdən istifadə edərək, Azərbaycan Prezidentinə, hörmətli dostumuz İlham Heydər oğluna bu payız COP29 qlobal iqlim konfransının keçirilməsində uğurlar arzulayıram”.
Qeyd edək ki, Prezident İlham Əliyevin Qazaxıstana səfəri və onun Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının görüşündə iştirakı Qazaxıstan mətbuatının diqqət mərkəzində olub. TengriNews.kz, Kapital.kz, InformBuro.kz, Kaztag.kz, Zakon.kz nəşrlərinin dərc etdiyi materiallarda deyilir ki, Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər ticarət-iqtisadi və mədəni-humanitar qarşılıqlı fəaliyyətin bütün spektri üzrə inkişaf edir.
Türkiyə mediası da Astanada keçirilən bu görüşünü geniş işıqlandırıb. Qardaş ölkənin media qurumları bu kimi görüşlərin regional əməkdaşlıq nöqteyi-nəzərindən əhəmiyyəti barədə məlumat verib. Xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına xüsusi diqqət yetirilib. Azərbaycan liderinin rəsmi Bakının Mərkəzi Asiya ölkələri ilə sıx və hərtərəfli əməkdaşlıqda maraqlı olması barədə sözlərindən sitat gətirilib. Prezident İlham Əliyevin ölkələrin müdafiə və təhlükəsizlik sahələrində daha da yaxınlaşmasının zəruriliyi məsələsi ilə bağlı fikirlərindən iqtibas edilib. “Azərbaycan lideri Mərkəzi Asiya ölkələrinin respublikanın Ermənistan işğalından azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfəni qardaşlıq münasibətlərinin təzahürü adlandırıb”, – deyə “Beyaz Gazete” nəşri yazıb və Prezident İlham Əliyevin Füzuli və Ağdam rayonlarında müxtəlif layihələrin həyata keçirilməsi ilə əlaqədar Qazaxıstan, Özbəkistan və Qırğızıstan rəhbərliyinə minnətdarlığını bildirdiyini qeyd edib.
Azərbaycan hər zaman regionda, ümumiyyətlə, qlobal aləmdə sülhün və sabitliyin qorunmasının tərfdarı olub. Əlbəttə ki, müasir çağırışların və təhdidlərin öhdəsindən gəlmək yalnız dövlətlər arasında siyasi dialoqun və etimad tədbirlərinin gücləndirilməsi ilə mümkündür. Bu mənada Prezident İlham Əliyevin son illərdə xarici ölklərə səmərəli səfərləri xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısı regional əməkdaşlıq çərçivəsində xarici tərəfdaşlarla hərtərəfli qarşılıqlı əlaqəni sistematik şəkildə artırıb. Bundan sonra Mərkəzi Asiyanın təhlükəsizlik, əməkdaşlıq və tərəqqi məkanı olaraq qalması üçün bütün səylər cəmləşdirilməlidir.
Birgə səylər nəticəsində Mərkəzi Asiya Dövlət Başçılarının ilk Məşvərət görüşdən sonra formatın və əlaqələrin inkişafında mühüm irəliləyiş əldə olunub. Ötən 5 görüşdə regional əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm qərarlar qəbul edilib. Artıq Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik Qazaxıstandan Özbəkistana keçib. Avqustun 9-da Astanada keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının VI Məşvərət görüşündə də qəbul edilən qərarlar və onların sonradan səmərəli icrası çoxəsrlik dostluq və qarşılıqlı dəstək ruhunda çoxşaxəli tərəfdaşlığın daha da dərinləşməsinə töhfə verəcək.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi