Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Asossasiyası” İctimai Birliyi, “İRƏLİ” İctimai Birliyi və “NEN Group” MMC-nin tərəfdaşlığı ilə həyata keçirilən “i-Learning Winter School” İnnovativ İnkişaf Proqramı layihəsi başa çatıb.
İctimai.az xəbər verir ki, “i-Learning Winter School” layihəsinin rəhbəri Nəbi İskəndərov innovativ inkişaf proqramının həyata keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Gənclər Fonduna öz dərin minnətdarlığını bildirib. Qeyd olunub ki, layihədə ilkin qeydiyyat, test və müsahibə mərhəsini müvəffəqiyyətlə tamamlayan 23 gənc layihədə iştirak üçün vəsiqə qazanmışdır. Layihə iştirakçılarına ümumilikdə 5 təlim günü boyunca, 10 akademik saat müddətində Maşallah Tağıyevin təqdimatında “Komandanın idarəedilməsi”, Elmin Bağışovun təqdimatında “Karyera planlaması”, İlknur Rəcəblinin təqdimatında “Müsahibəyə hazırlıq”, Günel Ələsgərlinin təqdimatında “Zamanın idarəedilməsi” və Günay Nurəliyevanın təqdimatında “Natiqlik və effektiv ünsiyyət bacarıqları” mövzuları üzrə təlimlər həyata keçirilmişdir. Təlim müddətində iştirakçılar nəzəri cəhətdən əldə etdiyi bilikləri praktiki tapşırıqlar vasitəsilə tətbiq etmişlər.
Qeyd edək ki, innovativ inkişaf proqramının əsas məqsədi ali təhsil müəssisələrində təhsil alan tələbələrin gələcək fəaliyyətində və karyerasında atacağı ilk addımlara təkan vermək, habelə nəzəriyyə və praktikanın vəhdət şəkilində olmaqla, qeyri-formal təhsil metodlarından istifadə etməklə bilik və bacarıqların interaktiv formatda tələbələrə aşılamaqdır.
Layihənin bağlanış mərasimində çıxış edən “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Asossasiyası” İctimai Birliyinin idarə heyətinin sədri Elvin Abbasov layihə iştirakçılarına biliklərini düzgün inkişaf etdirmək, dövrün tələblərinə uyğunlaşmaq,eyni zamanda perspektivlərini və istedadlarını aşkarlamaq üçün öz tövsiyələrini vermiş və iştirakçılara gələcək karyeralarında müvəffəqiyyətlər arzulamışdır.
Layihənin davamlılığının təmin olunması məqsədilə bu tip innovativ inkişaf proqramının gələcəkdə də həyata keçiriləcəyi, habelə layihə iştirakçılarının bilik və bacarıqlarının təkmilləşdirilərək növbəti layihələrdə mentor qismində cəlb olunacağı proqram iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilmişdir.