Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə 9-cu qrant müsabiqəsinin qalibi olan “Dərsdə Vizual Güc – Gamma ilə Tədris” layihəsi uğurla yekunlaşıb. Layihənin əsas məqsədi müəllimlərin rəqəmsal və vizual təqdimat bacarıqlarını inkişaf etdirməklə tədris prosesinin daha innovativ və interaktiv şəkildə təşkilinə töhfə vermək olub.
Layihə çərçivəsində müəllimlər üçün təşkil olunan 6 günlük intensiv təlim proqramı və mentorluq mərhələsi uğurla həyata keçirilib. Təlimçi Teymur Alşanovun rəhbərliyi ilə keçirilən məşğələlərdə iştirakçılar Gamma.app alətindən istifadə bacarıqlarını inkişaf etdirərək öz fənləri üzrə vizual və interaktiv təqdimatlar hazırlayıblar. Hazırlanan materiallar artıq dərs prosesində tətbiq olunub və müəllimlər tərəfindən praktik olaraq istifadə edilib.
Təlim müddətində iştirakçılara həm fərdi, həm də praktik tapşırıqlar təqdim olunub, proses mentor dəstəyi ilə müşayiət edilib. Əldə olunan bilik və bacarıqlar müəllimlərə dərslərini daha maraqlı, strukturlaşdırılmış və şagirdyönümlü şəkildə təşkil etmək imkanı yaradıb.
Layihənin bağlanış mərasimində iştirakçılar tərəfindən hazırlanmış təqdimatlar nümayiş etdirilib, əldə olunan nəticələr və təcrübələr bölüşülüb. Təlim iştirakçılarının fəallığı və əldə etdikləri nailiyyətlər tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, layihə Qəbələ rayonu, Vəndam qəsəbə Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin informatika müəllimi Səadət Məhərrəmova tərəfindən icra olunub. Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər müəllimlərin peşəkar inkişafına və tədris prosesində innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verib.








