Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə 9-cu qrant müsabiqəsinin qalibi olan “Bir addım öndə: TEFL ilə inkişafa doğru” layihəsi uğurla yekunlaşıb. Layihənin əsas məqsədi region və kənd məktəblərində fəaliyyət göstərən ingilis dili müəllimlərinin dil və pedaqoji bacarıqlarını inkişaf etdirmək və onların beynəlxalq standartlara uyğun peşəkar inkişafına dəstək olmaq olub.
Layihə çərçivəsində region və kənd məktəblərində çalışan 20 ingilis dili müəlliminin iştirakı ilə müxtəlif inkişafyönümlü fəaliyyətlər həyata keçirilib. İştirakçılar Udemy platforması üzərindən TEFL hazırlıq kurslarını uğurla tamamlayaraq bilik və bacarıqlarını artırıblar. Təlim prosesi müddətində təşkil olunan 5 onlayn görüş və ekspert dəstəyi müəllimlərin öyrənmə prosesini daha effektiv və sistemli şəkildə davam etdirməsinə imkan yaradıb.
Layihə müddətində iştirakçılara həm nəzəri, həm də praktik yanaşmalar təqdim olunub, əldə olunan biliklər onların gündəlik dərs fəaliyyətinə inteqrasiya olunub. Bu isə müəllimlərin dərs keyfiyyətinin yüksəldilməsinə və şagirdyönümlü tədris metodlarının tətbiqinə müsbət təsir göstərib.
Layihənin yekun mərhələsində həm onlayn, həm də əyani formatda bağlanış mərasimləri təşkil olunub. Tədbirlər zamanı əldə olunan nəticələr təqdim edilib, iştirakçılarla müzakirələr aparılıb və onların rəyləri dinlənilib.
Qeyd edək ki, layihə Zəngilan rayon 11 nömrəli tam orta məktəbinin direktoru Natavan Həsənova tərəfindən icra olunub. Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər müəllimlərin peşəkar inkişafına və regionlarda təhsilin keyfiyyətinin artırılmasına mühüm töhfə verib.




