Son illər Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar, eləcə də
vətəndaşlarımızın istər idman, istərsə də digər sahələrdə əldə etdikləri
nailiyyətlər milli maraqlarımızın möhkəmlənməsinə və ölkəmizin nüfuzunun
artmasına böyük töhfə verir.
“Qafqazinfo”nun məlumatına görə belə istedadlı insanlarımızdan biri də
“Dünya Məktəbi”nin 5-ci sinif şagirdi Ali Aslanovdur. Cəmi 11 yaşı olmasına
baxmayaraq, Ali Aslanov beynəlxalq yarışlarda uğurla çıxış edir və qazandığı
nailiyyətlərlə diqqət çəkir. Onun beynəlxalq arenadakı uğurları davam edir.
Alinin qazandığı uğurlara nəzər saldıqda görürük ki, cəmi 11 yaşlı şagird
artıq kifayət qədər parlaq və uğurlu inkişaf yolu keçib.
Ali Aslanov qısa müddət ərzində robototexnika və proqramlaşdırma sahəsində əldə
etdiyi beynəlxalq uğurlarla ölkəmizi nüfuzlu yarışlarda uğurla təmsil edərək
yeni nailiyyətlərə imza atmaqda davam edir.
20 noyabr 2014-cü il təvəllüdlü Ali Aslanov robototexnika və kodlaşdırma
sahəsində ilk böyük beynəlxalq təcrübəsini 2023-cü ildə Rumıniyada keçirilən
“RoboChallenge” olimpiadasında qazanıb. O, “Mini Sumo Kids” kateqoriyasında
dünyanın müxtəlif ölkələrindən qatılan 200-dən çox komandanın mübarizə apardığı
yarışda uğurla çıxış edərək 1/8 final mərhələsinə qədər yüksəlib.
2024-cü il Ali Aslanov üçün daha uğurlu olub. O, Bakıda keçirilən “Robotex
Azərbaycan” yarışında “Mini Sumo” kateqoriyası üzrə I yerə layiq görülərək
beynəlxalq final mərhələsinə vəsiqə qazanıb. Daha sonra Türkiyənin Antalya
şəhərində təşkil olunan “Robotex International” yarışında da Mini Sumo
kateqoriyasında bütün rəqiblərini geridə qoyaraq I yeri qazanıb və Azərbaycanı
beynəlxalq arenada ən yüksək pillədə təmsil edib.
Həmin il Ali Aslanov “STEM Olimpiadasının” kodlaşdırma istiqaməti üzrə
onlayn seçim mərhələsini uğurla keçərək final mərhələsinə vəsiqə qazanıb.
2024-cü ilin iyul ayında Niderlandda keçirilən final mərhələsində iştirak
edərək Azərbaycan komandasının müxtəlif istiqamətlər üzrə medal qazanmasına öz
töhfəsini verib.
2025-ci ildə isə Ali Aslanov daha bir mötəbər beynəlxalq uğura imza atıb. O,
“NEO Science Olympiad” beynəlxalq olimpiadasının final mərhələsində iştirak
edərək Amerika Birləşmiş Ştatlarında ölkəmizi təmsil edib və kodlaşdırma
istiqaməti üzrə bürünc medal qazanıb.
Ali Aslanovun ən böyük uğuru isə 2026-cı ilin iyul ayında İtaliyanın Roma
şəhərində keçirilən “STEM Olympiad Grand Final” yarışında qeydə alınıb. O,
kodlaşdırma istiqaməti üzrə bütün iştirakçıları geridə qoyaraq Dünya Çempionu
adına layiq görülüb və I yeri qazanaraq Azərbaycan bayrağını beynəlxalq arenada
zirvəyə yüksəldib.
Ali Aslanov robototexnika və proqramlaşdırma bacarıqlarını “Maestro School”
tədris mərkəzində əldə edib. O, bütün qeyd olunan beynəlxalq yarışlarda məhz
Maestro School komandasının tərkibində iştirak edərək qazandığı uğurlarla həm
təhsil müəssisəsinin, həm də Azərbaycanın adını beynəlxalq səviyyədə layiqincə
təmsil edib.
Ali Aslanovun qazandığı nailiyyətlər ölkəmizdə robototexnika və
proqramlaşdırma sahəsində yetişən gənc nəslin potensialını nümayiş etdirir və
Azərbaycan məktəblilərinin beynəlxalq STEM yarışlarında yüksək nəticələr əldə
edə biləcəyinin bariz nümunəsidir.
Qeyd edək ki, Ali Aslanov beynəlxalq yarışlara müəllimi Murad Əliyevin
rəhbərliyi ilə hazırlanaraq uğurlu nəticələr əldə edib.
İctimai.az xəbər verir ki, Milli Məclisin Gənclər və idman
komitəsinin sədri Şahin İsmayılov və komitənin üzvü Müşfiq Cəfərov 11 yaşlı
çempion Ali Aslanov və onun müəllimi Murad Əliyevlə görüşüb.