“19–20 sentyabr 2023-cü il Azərbaycanın dövlətçilik tarixində sadəcə hərbi əməliyyatın keçirildiyi tarix deyil. Bu tarix Qarabağda onilliklər boyu davam edən separatizm layihəsinin faktiki süqutu deyildi, həm də 200 ildən artıq davam edən işğal siyasətinə verilən layiqli bir cavab idi”.
Bunu açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri cəmi 23 saat davam etdi. “Bu qısa zaman kəsiyində Qarabağdakı qanunsuz silahlı birləşmələr müqaviməti dayandıraraq tərksilah prosesinə getdi, separatçı rejimin hərbi-siyasi strukturları dağıldı və ağ bayraq qaldırmaqdan başqa yolları qalmadı”, – o vurğulayıb.
Deputat bildirib ki, Azərbaycan Prezidentinin rəsmi sənədində də qeyd edildiyi kimi, əməliyyatın əsas məqsədi Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi, ərazidən çıxarılması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası idi:
“Bu mənzərənin tarixi siyasi əhəmiyyəti olduqca böyük idi. İllərlə özünü “dövlət” kimi təqdim edən separatçı qurum artıq siyasi iradə nümayiş etdirə bilmir, silahlı birləşmələr silahlarını yerə qoyur, ağ bayraq qaldırılırdı. Sentyabrın 28-də separatçı qurumun fəaliyyətinin dayandırılması barədə elan isə illərlə davam edən separatçı layihənin son mərhələsini rəsmiləşdirdi. BMT sənədlərində də əməliyyatdan sonra yerli silahlı qüvvələrin tərksilah edildiyi və özünü “Artsax Respublikası” adlandıran qurumun buraxıldığının elan edildiyi qeyd olunur.
Beləliklə, 2020-ci il Zəfəri ilə başlayan proses 2023-cü ilin sentyabrında məntiqi nəticəsinə çatdı. Əgər 2020-ci il Azərbaycanın ərazi bütövlüyünün bərpasının əsas mərhələsi idisə, 2023-cü ilin sentyabrı dövlət suverenliyinin tam bərpasını təmin etdi”.
Ş. İsmayılov əlavə edib ki, amma bu Zəfərin əhəmiyyəti yalnız Qarabağın taleyi ilə məhdudlaşmır:
“Azərbaycanın yaratdığı yeni reallıq Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını dəyişdirdi. Bakı artıq yalnız müharibədə qalib gəlmiş dövlət kimi deyil, regionda sülh, təhlükəsizlik, nəqliyyat və iqtisadi əməkdaşlıq gündəliyinin formalaşmasında mühüm aktor kimi çıxış etməyə başladı.
19–20 sentyabr hadisələrinin ən böyük siyasi nəticəsi isə budur: separatizmin yaratdığı “dondurulmuş münaqişə” modeli tarixə çevrildi. Onun yerini suverenlik, ərazi bütövlüyü, regional bağlantılar və yeni əməkdaşlıq gündəliyi tutmağa başladı.
Bu baxımdan 2023-cü ilin sentyabr Zəfəri yalnız hərbi qələbə deyil, həm də dövlətçilik iradəsinin nümayişidir. Azərbaycan öz ərazisində paralel silahlı-siyasi strukturun mövcudluğuna son qoyaraq suverenliyini tam bərpa etdi və bundan sonra diqqəti müharibədən sonrakı quruculuğa, reinteqrasiyaya və regionda davamlı sülhün formalaşdırılmasına yönəltdi”.