Son illər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması və ölkənin mövcud resurs potensialının daha səmərəli şəkildə iqtisadi dövriyyəyə cəlb edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda müasir infrastrukturun yaradılması, sənaye parklarının fəaliyyətə başlaması, investisiya mühitinin yaxşılaşdırılması və yeni istehsal sahələrinin formalaşdırılması bu istiqamətdə möhkəm zəmin yaradıb. Növbəti mərhələdə dağ-mədən və metallurgiya sənayesinin sistemli inkişafı ölkəmizdə yeni sektorun formalaşmasına, regionların iqtisadi potensialından daha geniş istifadə olunmasına və qeyri-neft ixracının artırılmasına mühüm töhfə verəcək.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bu sahənin mövcud vəziyyətinə, qarşıda duran vəzifələrə və inkişaf perspektivlərinə geniş nəzər saldı. Dövlətimizin başçısının vurğuladığı kimi, dağ-mədən və metallurgiya sənayesi ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından böyük perspektivə malikdir. Proqram çərçivəsində beş mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması isə iqtisadi hədəflərlə yanaşı, mühüm sosial məqsədlərin də qarşıya qoyulduğunu göstərir.
Şahin İsmayılov bildirib ki, yeni Dövlət Proqramının əhəmiyyəti yalnız faydalı qazıntıların hasilatının artırılması ilə məhdudlaşmır. Burada əsas yanaşma mövcud təbii sərvətlərin müasir texnologiyalar əsasında öyrənilməsindən başlayaraq onların hasilatı, zənginləşdirilməsi və emalına qədər bütöv istehsal zəncirinin yaradılmasıdır.
“Prezident İlham Əliyevin vurğuladığı kimi, 2004-cü ildən etibarən həyata keçirilən regional inkişaf proqramları nəticəsində bölgələrdə əsas infrastruktur qurulub. Bu gün həmin siyasətin yeni mərhələsində mövcud infrastruktur üzərində müasir və rəqabətqabiliyyətli istehsal sahələrinin qurulması üçün geniş imkanlar yaranıb. Başqa sözlə, regionların inkişafında artıq yalnız infrastruktur təminatı deyil, həmin imkanların iqtisadi fəallığa, məşğulluğa və əlavə dəyərə çevrilməsi də əsas istiqamətlərdəndir”, – deyə komitə sədri vurğulayıb.
Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının müasir üsullarla öyrənilməsinin və istismara cəlb olunmasının önəmini vurğulayan Şahin İsmayılov bildirib ki, bu, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının ölkənin ümumi inkişafına inteqrasiyasını sürətləndirəcək. Eləcə də Naxçıvanda müasir texnologiyalar əsasında geoloji kəşfiyyat işlərinə başlanmasının nəzərdə tutulması, bölgənin təbii resurs potensialının öyrənilməsi və gələcəkdə yeni sənaye layihələrinin həyata keçirilməsi üçün mühüm imkan yaradır.
“Ümumilikdə bölgələrimizin mövcud potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi regional inkişafın yeni mərhələsinə mühüm töhfə verəcək. Təbii sərvətlərin səmərəli idarə olunması, onların ölkə daxilində yüksək əlavə dəyərə çevrilməsi və əldə edilən iqtisadi imkanların insanların rifahına yönəldilməsi qarşıdakı dövrün əsas prioritetlərindəndir”, – deyə Şahin İsmayılov vurğulayıb.