2026-cı ilin oktyabr ayının 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirildi. Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM üzvlərinin sayına görə Asiyanın ən böyük dialoq platformasıdır. Asiyanın qlobal iqtisadiyyat, beynəlxalq ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və texnoloji inkişaf proseslərində artan rolu AQEM-in əhəmiyyətini daha da yüksəldir. Müxtəlif maraqların və mövqelərin təmsil olunduğu belə bir mühitdə əsas məsələ yalnız dövlətləri vahid platformada birləşdirmək deyil, həm də həmin birliyi konkret nəticələrə, davamlı əməkdaşlıq mexanizmlərinə və ortaq fəaliyyət istiqamətlərinə çevirməkdir. Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın diplomatik mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı, Asiyada iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və regional bağlantıların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlətimizin başçısı İlham Əliyev Zirvə Görüşündəki çıxışında “İlk növbədə, 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzv dövlətlərinə minnətdarlığımı bildirirəm. Biz bunu hörmət və etimad əlaməti, həmçinin bir sıra beynəlxalq platformalarda sədrlik fəaliyyətimizə dəstəyin nümayişi hesab edirik” söyləyərək coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynadığını xüsusi vurğuladı. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir. Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir.
2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror tədbirləri təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, ölkəmiz həm də beynəlxalq ədaləti özü təkbaşına təmin etdi. Bir zamanlar Bakını tanklarla işğal edəcəkləri ilə hədələyən separatçı liderlərin, uşaq qatillərinin bu gün Azərbaycan ədaləti qarşısında cavab verməsi tarixi qisasın reallığıdır. Prezident bu mənzərəni olduqca təsirli və yaddaqalan ifadələrlə diqqətə çatdırdı: “Bu, mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqu idi. Lakin bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdular. Tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş olunur”.
Azərbaycan Prezidentinin çıxşında da vurğuladığı kimi, Ermənistan və havadarları belə düşünürdülər ki, vaxt ötdükcə xalqımız münaqişənin öz xeyrinə həllindən ümidini kəsəcək, işğalla barışacaq və beləliklə, düşmənin işğal faktını leqallaşdırması ilə razılaşacaq. Lakin bir şey unudulurdu ki, qatil ermənilərdən fərqli olaraq xalqımız özünün bütün hərbi-siyasi tarixi ərzində döyüşçü xalq kimi tarixdə iz buraxıb, öz əməlləri qarşısında kənar dəstəyə arxayın olan qorxaq və qaniçən xislətli qatillərdən fərqli olaraq əsl döyüşçülər şir ürəkli, ədalətli və real sülhə meyilli olurlar. Məhz buna görə Azərbaycanın öz suverenliyinini beynəlxalq hüquqa və ədalətə istinad etməklə güc yolu ilə bərpa etdi. Düşmən və onu hərtərəfli himayə edən güclərin “…hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.
Azərbaycan xalqı hər zaman öz milli-mənəvi dəyərləri, qüruru və ədaləti ilə seçilib. Bu baxımdan, məhz tarixən formalaşmış bu müsbət milli xüsusiyyətlərinə görə müharibədə böyük zəfər qazanan rəşadətli ordumuz heç vaxt mülki insanlardan qisas almadı, barbarların və uşaq qatillərinin səviyyəsinə enmədi. Dövlətimiz qalib tərəf olmasına baxmayaraq regionda davamlı sabitliyin təmin olunması üçün biabırçı məğlubiyyətə düçar etdiyi qansız düşmənə sülh əlini uzatdı. Prezident İlham Əliyev çıxışının sonunda bəşəriyyətə və region dövlətlərinə önəmli bir ismarış göndərdi: “Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik… Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”.
Prezident İlham Əliyevin AQEM-in Bakı Zirvə Görüşündəki açıq, ünvanlı və qətiyyətli çıxışı bir daha göstərdi ki, beynəlxalq hüququn icra mexanizmləri iflic olduqda, güclü dövlət və qətiyyətli lider faktoru həlledici rol oynayır. Azərbaycan bu gün təkcə öz torpaqlarını dirçəltmir, həm də sədrlik etdiyi platformaları institusional olaraq gücləndirərək bütöv Avrasiya məkanında etimad və dialoq mühiti formalaşdırır.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.