2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın müasir inkişaf modelini, beynəlxalq münasibətlər sistemindəki mövqeyini və gələcək prioritetlərini dəyərləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. “Ortaq gələcək naminə dialoq” mövzusu ətrafında keçirilən forum bir daha göstərdi ki, müasir dünyada sivilizasiyalararası anlaşma, qarşılıqlı hörmət və əməkdaşlıq qlobal sabitliyin əsas şərtlərindəndir.
Bu gün Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq sadəcə müxtəlif ölkələrin nümayəndələrinin fikir mübadiləsi apardığı tədbir deyil. O, mədəniyyətlərarası münasibətlərin inkişafı, dini və etnik zəmində mövcud olan problemlərin müzakirəsi, eləcə də qlobal çağırışlara ortaq yanaşmaların formalaşdırılması üçün mühüm beynəlxalq platformaya çevrilib. Azərbaycanın bu prosesdə təşəbbüskar mövqedə çıxış etməsi ölkəmizin dialoq və əməkdaşlıq ənənələrinə verdiyi önəmi nümayiş etdirir.
Azərbaycanın bu sahədəki təcrübəsinin əsas xüsusiyyətlərindən biri milli kimliklə multikultural dəyərlər arasında tarazlığın qorunmasıdır. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, ölkəmiz yalnız öz ənənələrini və həyat tərzini qoruyub saxlamaqla kifayətlənməyib, eyni zamanda onları daha da gücləndirib. Fikrimcə, bu məqam Azərbaycanın müasir dövlətçilik modelinin mühüm xüsusiyyətlərindən biridir. Çünki qloballaşmanın sürətləndiyi bir dövrdə milli-mənəvi dəyərləri qorumaq, eyni zamanda dünyaya açıq olmaq hər bir dövlət üçün vacib çağırışdır.
Forumda diqqət çəkən digər mühüm məsələ beynəlxalq hüququn aliliyi və qəbul edilən qərarların icrası ilə bağlı idi. Prezidentin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılmasının vacibliyini vurğulaması beynəlxalq münasibətlər sistemində mövcud olan ciddi problemlərdən birinə diqqət çəkir. Təcrübə göstərir ki, beynəlxalq hüquq normalarının qəbul edilməsi qədər onların icrasının təmin olunması da əhəmiyyətlidir. Əks halda, beynəlxalq təşkilatların qərarları öz praktiki təsirini itirə və dövlətlər arasında hüquqa münasibətdə ikili standartların yaranmasına şərait yarada bilər.
Azərbaycanın beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi mövqeyini möhkəmləndirməsi də çıxışın əsas istiqamətlərindən biri idi. Ölkəmizin müxtəlif dövlətlərlə siyasi, iqtisadi və humanitar əlaqələri, beynəlxalq təşkilatlarla əməkdaşlığı, regional və qlobal təşəbbüslərdə iştirakı bu mövqenin formalaşmasında mühüm rol oynayır. Azərbaycanın həm Şərq, həm də Qərb ölkələri ilə əməkdaşlıq imkanlarını genişləndirməsi onun beynəlxalq münasibətlər sistemində əlaqələndirici mövqeyini də gücləndirir.
İqtisadi dayanıqlılıq isə Azərbaycanın beynəlxalq mövqeyini müəyyən edən əsas amillərdəndir. Prezident İlham Əliyevin ölkənin xarici borcunun ÜDM-in 5 faizindən bir qədər artıq olduğunu qeyd etməsi maliyyə sabitliyi baxımından diqqətəlayiq göstəricidir. Aşağı xarici borc yükü dövlətin maliyyə imkanlarının qorunması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi və uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsi üçün əlavə imkanlar yaradır.
Nəticə etibarilə, Bakı Forumunda səsləndirilən fikirlər Azərbaycanın yalnız regional proseslərdə deyil, qlobal miqyasda da fəal iştirak etmək niyyətini və prioritetlərini ortaya qoyur. Mədəniyyətlərarası dialoq, milli dəyərlərin qorunması, beynəlxalq hüququn tətbiqi, iqtisadi sabitlik və çoxşaxəli əməkdaşlıq bir-birini tamamlayan istiqamətlərdir. Bu istiqamətlərin uzlaşdırılması isə müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında mühüm rol oynayır.
Təranə Paşayeva
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri
Psixologiya üzrə fəlsəfə doktoru