Prezident İlham Əliyev noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə müsahibəsində iki ölkə arasında münasibətlərin tarixi əsaslarını, ötən illər ərzində əldə olunan nailiyyətləri və strateji tərəfdaşlığın inkişaf perspektivlərini ətraflı dəyərləndirib. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər Azərbaycan ilə Vyetnam arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin bu gün konkret siyasi və iqtisadi məzmunla zənginləşdiyini göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib. Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu nəticəsində Azərbaycanın müxtəlif regionlarda dövlətlərlə əməkdaşlıq əlaqələri genişlənir. Bu baxımdan, Cənub-Şərqi Asiyanın mühüm ölkələrindən biri olan Vyetnamla münasibətlərin inkişafı Azərbaycan üçün də önəmlidir.
Azərbaycan-Vyetnam münasibətlərinin möhkəm tarixi əsaslara malik olduğunu söyləyən Şahin İsmayılov Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, iki ölkə arasında dostluq əlaqələrinin başlanğıcı 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə bağlıdır. 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə sovet nümayəndə heyətinin Vyetnama səfəri isə əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Səfər zamanı əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına, xüsusilə sənaye və digər sahələrdə əlaqələrin genişləndirilməsinə töhfə verib. Müstəqillik illərində də bu ənənələr davam etdirilib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Prezidenti Çıonq Tan Şanqın isə 2015-ci ildə Azərbaycana dövlət səfərləri ikitərəfli siyasi dialoqun və iqtisadi əməkdaşlığın genişləndirilməsinə imkan yaradıb.
Komitə sədri bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafında 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində “Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi Azərbaycan-Vyetnam əməkdaşlığının uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirdi. Tərəflər, həmçinin BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verirlər.
2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötdüyünü söyləyən Şahin İsmayılov deyib: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu göstərici hələ ki, real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir. Hesab edirəm ki, Azərbaycan ilə Vyetnam arasında enerji, sənaye, kənd təsərrüfatı, infrastruktur və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər imkanları var. İqtisadi əlaqələrin şaxələndirilməsi, biznes subyektləri arasında birbaşa təmasların artırılması və birgə layihələrin həyata keçirilməsi ticarət dövriyyəsinin yüksəlməsinə, yeni iş yerlərinin yaradılmasına və qarşılıqlı investisiyaların artmasına xidmət edə bilər”.
Enerji sektorunun Azərbaycan-Vyetnam iqtisadi münasibətlərində mühüm yer tutduğunu söyləyən Şahin İsmayılov qeyd edib ki, ötən əsrdən formalaşan əməkdaşlıq ənənələri bu gün də davam etdirilir. Xüsusilə SOCAR ilə Vyetnam Milli Neft və Qaz Şirkəti – “PetroVietnam” arasında əlaqələrin genişləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur. Tərəflər arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutur. Təbii ki, ikitərəfli əməkdaşlığın perspektivli istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən beynəlxalq nəqliyyat marşrutlarında artan rolu Vyetnamla iqtisadi əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradır.