Ailə münasibətlərində xəyanət, qısqanclıq, psixoloji təzyiq və zorakılıq, eləcə də boşanmadan sonra davam edən qarşıdurmalar cəmiyyətdə aktual problemlərdəndir. Bəzi hallarda münasibət bitsə də, tərəflər bir-birinin şəxsi həyatına müdaxilə etməyə davam edir, hətta bu münaqişələr cinayətlə nəticələnir. Münasibətlərin sağlam bitməməsinin səbəbləri isə düşündürən məqamlardan biridir.
Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Bakues.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
– Rövşən bəy, ailə münasibətlərində davamlı mübahisə, təhqir və psixoloji təzyiq hansı nəticələrə səbəb ola bilər?
– Ailə qurmaq da, boşanmaq da bir mədəniyyətdir. Cütlüklərin münasibət mədəniyyəti və məsuliyyət hissi yoxdursa, ailə münasibətləri zorakılıq və cinayət riski daşıyan mühitə çevrilə bilər. Davamlı mübahisə, təhqir və psixoloji təzyiq şəraitində yaşamaq sağlam münasibət deyil. Nikahın formal şəkildə davam etməsi ailənin sağlam olduğunu göstərmir.
– Xəyanət edən şəxsin sonradan həyat yoldaşını günahlandırması nə dərəcədə doğrudur?
– Xəyanət insanın öz seçimidir və bunun məsuliyyəti də həmin şəxsə aiddir. Bəzi insanlar xəyanəti münasibəti bitirmək üçün deyil, qarşı tərəfi cəzalandırmaq və alçaltmaq məqsədilə edirlər. Sonradan öz seçimlərinə görə həyat yoldaşını məsul tutmaq münasibətdə psixoloji təzyiq yaradır. Heç bir halda bu davranışa bəraət qazandırmaq olmaz.
– Bəzi insanlar evləndikdən sonra qarşı tərəfin psixoloji və davranış problemlərinin düzələcəyini düşünürlər. Bu yanaşma nə dərəcədə yanlışdır?
– Evlilik müalicə üsulu deyil. Nikah insanın psixi problemlərini aradan qaldırmır, aqressiv davranışlarını avtomatik dəyişmir. Davamlı manipulyasiya və zorakılıq meyli görməzdən gəlinməməlidir. Belə hallarda peşəkar qiymətləndirməyə müraciət etmək vacibdir.
– Boşanmadan sonra keçmiş həyat yoldaşının şəxsi həyatına müdaxilə, təhdid və təqib hallarına necə yanaşmaq lazımdır?
– Münasibət bitdikdən sonra qarşı tərəfin şəxsi həyatına müdaxilə də bitməlidir. Bəzi insanlar keçmiş həyat yoldaşlarının yeni münasibətlərinə mane olur, onları təhdid və təqib edirlər. Namus, qeyrət və qısqanclıq kimi anlayışlardan cinayətlərə bəraət qazandırmaq üçün istifadə olunur. Heç bir ənənə və şəxsi iddia zorakılığı haqlı göstərə bilməz.
– Belə cinayətlərin nəticəsində valideynsiz qalan uşaqların taleyi çox vaxt diqqətdən kənarda qalır…
– Bəli, bütün bunların ortasında uşaqlar qalır. Cinayət törətmiş şəxsi namus və qeyrət adı ilə alqışlayanlar isə həmin cinayətin nəticələri ilə üzləşən, valideynsiz qalan uşaqların gələcəyinə sahib çıxmırlar. Cinayətkarı müdafiə etmək asandır. Dağılmış həyatların məsuliyyətini daşıyan yoxdur.
– Boşanma zamanı uşaqların hüquq və maraqlarının qorunması üçün valideynlər nəyə diqqət etməlidirlər?
– Valideynlərin münasibəti bitsə də, övladları qarşısındakı məsuliyyətləri davam edir. Uşaqlar valideynlər arasındakı münaqişənin vasitəsinə, təzyiq alətinə və ya qisas obyektinə çevrilməməlidirlər. Hər iki valideyn uşağın təhlükəsizliyi, təhsili və psixoloji sağlamlığı üçün məsuliyyət daşıyır. Bu məsuliyyət yalnız maddi təminatla məhdudlaşmır, mənəvi dəstəyi də əhatə edir.
– Rövşən bəy, bəzən cəmiyyətdə boşanma mənfi qarşılanır və insanlar münasibətləri bitirməkdə çətinlik çəkirlər. Bu barədə nə düşünürsünüz?
– Nikah iki insanın birlikdə həyat qurmaq qərarıdır və heç kimə digərinin həyatı üzərində sahiblik hüququ vermir. İnsanlar evləndikləri kimi boşanmağı da bacarmalı, heç kəs istəmədiyi münasibətdə qalmağa məcbur edilməməlidir. Ailənin formal davamlılığı insanın xoşbəxtliyindən, sağlamlığından və təhlükəsizliyindən üstün tutulmamalıdır.
– Sosial şəbəkələrdə nümayiş etdirilən xoşbəxt ailə görüntüləri real münasibətlərin göstəricisi sayıla bilərmi?
– Xeyr. İnsanlar bəzən yaşamadıqları xoşbəxtliyin görüntüsünü yaradır, başqalarına saxta həyat təqdim edirlər. Sosial şəbəkədə xoşbəxt görünmək ailə münasibətlərinin sağlam olduğunu sübut etmir. Ailə problemlərini ört-basdır etmək də çıxış yolu deyil. Susmaq problemi aradan qaldırmır, əksinə, münaqişələrin davam etməsinə şərait yaradır.
– Sonda ailə münasibətləri və boşanma mədəniyyəti ilə bağlı cəmiyyətə əsas mesajınız nədir?
– Cəmiyyət nikahın formal davamlılığını insanın həyatından üstün tutan düşüncədən uzaqlaşmalıdır. Ailə statusu heç bir halda insanın azadlığını, sağlamlığını və ləyaqətini üstələməməlidir.