05 aprel 2023-cü il tarixdə Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Güclü qadın – güclü gələcək” gənc qızların maarifləndirilməsi və təşəbbüs İnstitutu layihəsinin növbəti təlimi keçirilib.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Fidan Əzizova, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin Ümumi şöbəsnin rəhbəri Ümidə Kəngərli, Mərkəzin psixoloqu Lətifə Cavadova, layihənin təlimçisi, nitq və diksiya mütəxəssisi, “Charkazli Training and Consultation” MMC-nin direktoru Sona Tanrıverdiyeva, Azərbaycan Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Oktay Süleymanzadə və 30 nəfər fəal gənc qız iştirak etmişlər.
İlk öncə “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Fidan Əzizova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi gənc qız şagird və tələbələrin bu sahədə maarifləndirilməsi, onların hüquqlarının təbliği, gender bərabərliyinin təmin olunması, qadın zorakılığı hallarının aradan qaldırılmasıdır.
Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirakçılarını və qonaqları salamladı və qeyd etdi ki, dünyanın ən inkişaf etmiş ölkələrinin keçdiyi yola nəzər saldıqda məlum olur ki, hər bir dövlətin inkişafında, güclənməsində, tanınmasında, xalqının taleyində həlledici rol oynamasında əsas və mühüm məsuliyyət dövlət başçısının üzərinə düşür. Heydər Əliyev ölkənin, xalqın taleyi barəsində qərar qəbul edəndə bunu həmişə uzaqgörənliklə, gələcəyə hesablanmış şəkildə edirdi. Çünki xalqın nə istədiyini yaxşı bilirdi və buna uyğun istiqamətlərdə də addımlar atırdı. O, insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi önəm vermiş və bu hüquqların qorunması yolunda mühüm addımlar atmışdır. Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir.
Daha sonra PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin psixoloqu Lətifə Cavadova və layihənin təlimçisi, nitq və diksiya mütəxəssisi, “Charkazli Training and Consultation” MMC-nin direktoru Sona Tanrıverdiyeva çıxış edərək qeyd etdilər ki, məişət zorakılığı Azərbaycanda geniş yayılmış gender problemidir. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. Məişət Zorakılığı spesifik olaraq genderlə bağlı olan bir davranışdır. Zorakılığı törədən kəslərin böyük hissəsini ənənəvi olaraq məhz kişilər təşkil edir. Məişət zorakılığı çox zaman qadına qarşı törədilən zorakılıq olduğuna görə buna gender əsaslı şiddət də deyilir. Məişət zorakılığı sosial bir bəladır və patriarxal dəyərlərin üstün tutulduğu cəmiyyətlərdə buna çox rast gəlinir. Lakin məişət zorakılığının qarşısının alınmasında, zorakılıqla üzləşmiş qurbanların problemlərinin həll edilməsində və zorakı şəxslərin cəzalandırılmasında dövlətin birbaşa iştirakı qaçılmazdır. Bütün ölkə üzrə məişət zorakılığı hallarının qarşısının alınması işlərində məişət zorakılığı barəsində hüquq mühafizə sisteminin təlimatlandırılması, zorakılığa məruz qalmış və zorakılıq törətmiş şəxslə işin aparılmasında bilik və bacarıqlarının artırılması, yeni sığınacaqların salınması və bu sığınacaqların psixoloq, vəkillər kimi insan resursları ilə təmin edilməsində dövlətin bilavasitə dəstəyi və ya münbit şərait yaratması lazımdır.
Sonda təlimçi və psixoloq gəncləri maraqlandıran sualları cavablandırdılar.