“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyi “Biz qayıdacağıq…” sənədli filmini təqdim edəcək.
Cari.az xəbər verir ki, 18 noyabr 2023-cü il tarixində, saat 11:00-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin “Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranlarının İctimai Çağırışı – Biz Qayıdacağıq!” layihəsi çərçivəsində hazırlanmış sənədli filmin təqdimatı keçiriləcək.
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin sədri Bəhruz Məmmədzadə sənədli filmin çəkilməsində əsas məqsədin tarixi missiyanın davam etdiyini və tarixi missiya üçün yaradıcı işlərə daha çox ehtiyac olduğunu vurğulayıb: “Biz hərbi və ya mülki həyatımızda tarixi missiyamızı davam etdirməliyik. Gələcək üçün sağlam, faydalı və yaradıcı fəaliyyətlər icra etməliyik. Yorulmamalıyıq”.
Sənədli film Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında təqdim olunacaqdır.
Sənədli filmin təqdimatı ictimaiyyətə açıqdır.
Sənədli filmin təqdimatının keçiriləcəyi ünvan: AZ 1007 Bakı Nərimanov rayonu, Kaveroçkin küçəsi 34.