Cari ilin 26 sentyabr tarixi Prezident İlham Əliyevin iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı ilə yadda qaldı. Prezident İlham Əliyev bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Ölkə başçısı qeyd etdi ki, qeyri-neft sektorunun inkişafında müsbət tendensiyadır. Qeyri-neft sektorumuz 7 faiz artmışdır. Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik. Neft hasilatının sabitliyinin təmin edilməsi başlıca amildir. Neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək. Yeni layihələrdən söz açan ölkə rəhbəri vurğuladı ki, hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır. Neft-qaz sahəsində templər müsbət olacaqdır. Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir.
Gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq. Baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik. Son 21 ilə yaxın dövrdə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endi. Paytaxt Bakıda, regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər, infrastrukturun tamamilə yenilənməsi və insanların həyat səviyyəsinin daha da yaxşılaşması iqtisadi inkişafımızın göstəriciləridir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, əminliklə qeyd edə bilərik ki, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi həm etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində, yeni dostlar qazanmasında, həm də uzunmüddətli iqtisadi inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayır.
Dövlət başçısı İlham Əliyev sözügedən müşavirədə keçilən yolun təhlili və günün əsas çağırışlarının açıqlanması fonunda belə bir əminliyi ifadə etdi ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, bu halda gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq. Gələn ilin əsas xərcləri artıq müəyyən edilib. Dövlət başçısının qeyd etdiyi kimi, Milli Məclisdəki çıxışında əsas prioritetlər açıq-aydın göstərilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr nəzərdə tutulub. Həm sosialyönümlü, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr, bütün bunlar Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Elə etməliyik ki, gələn il imkan daxilində bütün əsas vəzifələr icra edilsin: «Şübhə etmirəm ki, belə də olacaq. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq.» Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, müzakirə və əldə edilmiş nəticələr, qəbul ediləcək qərarlar iqtisadi inkişafımızı daha da sürətləndirəcək.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri