Son zamanlar Qərb və bəzi Avropa ölkələrinin Azərbaycana qarşı sərgilədiyi ritorika, elədiyi nadanlıq, aşırı həyasızlıq bir tək “COP 29”-la deyil, bütünlükdə ölkəmizin uğurları, qələbələri və müstəqil siyasət yürütməsi ilə bağlıdır.
Şahmat taxtında irimiqyaslı oyun gedir. Gerçəkdən! Və bu oyun, indinin yox, lap çoxdanın hərəkətliliyidir. Üstəlik, illər boyunca Amerikanın at, Niderlandın fil, Fransanın piyada “xod”ları o qədər fiaskoya uğrayıb, urvatsız günə qalıb ki, İlham Əliyev qarşısına çıxan dünya nəhənglərini ağ daşlarla da, qara daşlarla da ard-arda o qədər mat edib ki, Azərbaycan üzərindən qurulan məkrli, iyrənc planlar sənədlə-sübutla o qədər ifşa olunub ki, artıq düşmən tərəf cığallıq etməkdən, üz-gözünü cırmaqdan, qırmızı-qırmızı davranmaqdan, riyakar rolunu çılpaqca oynamaqdan savayı çarə görmür!
Başlayaq sanksiya tələbindən. Daha dəqiqi, 10 senator və 48 Palata üzvünün məlum məsələ ilə bağlı Blinkenə göndərdiyi məktubdan. Yatıb yuxuda görüblər ki, demə bəs, Azərbaycanda hansısa “problemlər” varmış və elə bu minvalla da səhər o başdan bisimillah eləməmiş, hövlanak şəkildə üz tutublar Ağ Evə, katiblik tərəfə. Ki, amanın günüdür, tədbir görün, insan hüquqları, azadlıqları əldən gedir. Bəli, bəli. Düz eşitdiniz: (oxudunuz) Öz seçildiyi şəhərin problemindən xəbərdar olmayanlar, öz yaşadıqları küçədə siravi vətəndaşın polis tərəfindən günün günorta çağı güllələnməsinə biganə qalanlar, öz ştatında orta əsrlərə xas üsullarla ölüm hökmünün (hələ də!) icrasını görməzdən keçənlər, öz başlarına sürtməyə məlhəm tapmayanlar və ən əsası: ATƏT-in Minsk Qrupunda 30 il mürgü vurub fil qulağında yatanlar anidən ayılıblar və dönüb olublar ümumbəşəri dəyərlərin carçısı! Düzləniblər sıraya. Əlifba cədvəli ilə…
Həmin 58 nəfərin 8-cəciyinin ümumiyyətlə söhbətdən, mövzudan, məktubda yazılanlardan xəbəri varsa, mənim üzümə lənət…
Avropa isə Şvabe kimi “psixopat”ın əlində əsir-yesir qalıb. O “psixopat”ın ki, bütün həyatını nasist ideologiyasının təbliğinə həsr edib, adı bu vaxta qədər nə az, nə çox, düz 3 cinayət işində (dələduzluq epizodu üzrə) keçib və nəhayət: sözün gerçək anlamında başdan çatlaqdır! Amma nə deyirsən, kimə deyirsən, danışır da… Şərait yaradılır, danışır. “Konspekt” verilir, danışır. Pul-para verilir, danışır.
Dəhşət də elə budur! Daha doğrusu, dəhşətin dəhşətdən də betər tərəfi budur! Ki, hazırda özünü ideya mənsubu, dəyər daşıyıcısı sanan beynəlxalq təşkilatların bir çoxu mikrofonu, tribunanı elə məhz Şvabe kimi manısların əlinə veriblər və onlar da indiyə qədər insanlıq və bəşəriyyət adına müqəddəs, toxunulmaz qalan, saxlanılan hər şeyi rahat-rahat, riyakarca, manyakca məhv edirlər…
İndi isə gələk, Vidadi İsgəndərlinin “qətl” məsələsinə…
İstintaqda uzun müddət təcrübəsi olan biri kimi deyirəm: Bu “cinayət işi”ndə mübhəmlər çoxdur. Lap çox! Ən azından ona görə ki, hələ Vidadi İsgəndərlinin ölməsinin, öldürülməsinin özü belə dəqiq deyil…
Arqumentlərimi sadalayım:
1) Bıçaqlanma haqda xəbər hadisədən düz 1 sutka sonra (?!) sosial şəbəkədə Qənimət Zahid tərəfindən yayılır və təfərrüatlar vurğulanmır…
Hərgah, radikallar üçün göydəndüşmə mövzudur. Deyilmi? Getsinlər, çəksinlər, tirajlasınlar. Amma yox. Səsləri çıxmadı. Hətta İsgəndərlinin ölümü ilə bağlı xəbər də bazar günü verildi. Baxmayaraq ki, faktın şənbə günü xəstəxana tərəfindən təsdiqlənməsi barədə məlumatlar var.
2) İsgəndərlinin qardaşının ard-arda verdiyi iki açıqlama son dərəcə xaotik və rabitəsizdir…
Adam deyir, qardaşım təcili yardımda mənə zəng etdi və təxminən 1 dəqiqə danışdıq. Mümkündürmü bu? Həmin vəziyyətdə olan birisi – əgər iddia edildiyi kimi 21 bıçaq zərbəsi alıbsa və qaraciyəri, ağciyəri dağılıbsa – kiminləsə rahat-rahat danışa bilərmi? Lap danışa bildi, həkimlər buna izn verərmi? Vidadi o həngamədən sonra özü ilə xəstəxanaya telefonmu götürdü? Telefonu həmin basabasda tapamı bildi? Danışamı bildi? Zəngləri cavablandıramı bildi? – Absurddur!
İkinci açıqlamada isə bəy buyurur: Məni xəstəxanada qardaşımla görüşə çağırdılar və içəridə, palatada polisdən gizlin onun şəklini çəkdim. Ardınca da canli efirinə qoşulduğu Sevinc Osmanqızına 2 dəfə israrla bildirir ki, (sanki iz itirmək üçün) o şəkilləri sizə göndərəcəm. Amma göndərmir! Göndərmədiyinə niyə əminəm?- Çünki Sevinc ola, həmin şəkilləri əldə etmək üçün qarşısındakını divara dirəməyə, əldə edən kimi yayımlamaya….Mümkün deyil!
Bəs cinayətin törədildiyi məkan? Ofis? Bir adam gedib sınıq şüşələri, cinayətkarın girdiyi qapını, qan izlərinidəmi çəkmədi? Məntiqlə Fransada, çox yaxın ərazidə məskunlaşan Tural, Məhəmməd, Elşad kimi quzğunlar oradan canlı reportajlar verməli idilər axı….
3) Fransanın xüsusi xidmət orqan(lar)ının birbaşa nəzarətində və təlimat siyahısında olan birisi necə öldürülə bilər?!
Aydın məsələdir ki, Vidadinin təhlükəsizliyinə əlahiddə nəzarət olub və nəinki onun yaşadığı evin qapısına, pəncərəsinə, hətta çox güman həndəvərdəki pilləkənlərə, sütunlara belə kamera, “siqnalizasiya” yerləşdirilib. Yəni, hadisə yolda, qatarda, restoranda, təbiət qoynunda – filan baş versəydi, şübhələr haçalana bilərdi. Amma ta polisin bir addımlığında yerləşən evdə yox da! Kimi dolamısız?!
4) Oqtay İsgəndərli bir fikri də altını çizərək vurğulayır: “Qardaşım mənə qatillərin kimliyi barədə heç nə demədi. Çünki onlar danışmayıblar, maska taxıblar və bu səbəbdən də milliyyətlərini, dillərini öyrənmək mümkün olmayıb.
Bu açıqlama isə ssenarinin başqa bir hissəsidir. Ki, sabah Fransa dövləti məlum cinayətlə bağlı Azərbaycanı ittiham edəndə durub desinlər ki, qərəzimiz olsaydı, elə əvvəldən yönəldici fikirlər söyləyərdik. İstintaq belə qərara gəlib.
Əlqərəz, Vidadi İsgəndərli əgər həqiqətən ölubsə, bu ölümün səbəbkarı (icraçısı) birmənalı şəkildə onu idarə və himayə edənlərdir. (Artıq istifadəyə yaramadığı və məqamı gəldiyi üçün)
Yox əgər ölməyibsə, o zaman ortalıqda “Polad Ələmdarsayağı” ssenari dolaşır…(Sadəcə çox ucuz, çox bəsit və çox kustar formada).
Açığı, mən ikinci versiyaya daha çox inanıram…
Elşən Musayev,
Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri