Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dayanıqlı tərəqqisinin təmin olunması, o cümlədən qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət aqrar sahədə də mühüm nəticələrin əldə olunmasını şərtləndirib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
“Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə regionların və aqrar sənayenin inkişafı ilə bağlı səsləndirdiyi fikirlər ölkəmizdə son 20 ildən artıq dövrdə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasətin strateji əhəmiyyətini aydın şəkildə nümayiş etdirir. Dövlətimizin başçısının vurğuladığı kimi, 2004-cü ildə qəbul edilmiş ilk regional inkişaf proqramı Azərbaycanın iqtisadi inkişaf modelində yeni mərhələnin əsasını qoydu. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Dövlət proqramları nəticəsində regionların sosial-iqtisadi siması tamamilə dəyişdi. Infrastruktur yeniləndi, enerji təminatı gücləndirildi, yol və su təsərrüfatı əsaslı şəkildə yenidən quruldu”, – deyə Şahin İsmayılov qeyd edib.
Qəbul olunan proqramların, aparılan islahatların ölkəmizin uzunmüddətli dayanıqlı inkişafındakı rolundan danışan Şahin İsmayılov əlavə edib ki, bu çərçivədə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri kənd təsərrüfatının inkişafı üçün möhkəm baza formalaşdırdı. Bu gün Azərbaycanın qazlaşdırma səviyyəsinin 96 faizə çatması, enerji təhlükəsizliyinin təmin olunması, iri su anbarlarının tikintisi həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin real nəticələridir.
Şahin İsmayılov qeyd edib ki, Dövlət proqramlarının mühüm nəticələrindən biri də kənd təsərrüfatının ənənəvi sahələrinin yenidən dirçəldilməsi hesab olunur. Üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq və digər istiqamətlər üzrə qəbul edilən xüsusi Dövlət proqramları aqrar sahədə məhsuldarlığın və ixrac potensialının artmasına ciddi təkan verdi. Bu, həmçinin regionlarda məşğulluğun artmasına, qeyri-neft sektorunun inkişafına mühüm töhfə verdi.
Kənd təsərrüfatında son illər müşahidə olunan dinamikadan bəhs edən komitə sədri bildirib ki, bu gün aqrar sahədə yeni çağırışlar mövcuddur. Dövlətimizin başçısının təşəbbüsü ilə hazırlanmış yeni Dövlət Proqramı məhz bu çağırışlara adekvat cavab verilməsi məqsədi daşıyır. Proqramın əsas məqsədi kənd təsərrüfatının inkişafına təkan vermək, dövlət və özəl investisiyaların daha səmərəli şəkildə cəlb edilməsinə şərait yaratmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək və aqrar istehsalda dayanıqlı artımı təmin etməkdir.
“Hazırlanan yeni Dövlət Proqramının uğurlu icrası aqrar sahənin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq. Kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, regionlarda məşğulluğun genişlənməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək”, – deyə Şahin İsmayılov vurğulayıb.