Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü ölkədə hüquqi dövlət quruculuğu, humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin növbəti parlaq nümunəsi kimi dəyərləndirilir. Bu təşəbbüs milli dövlətçilik tariximizdə Konstitusiyanın ali hüquqi qüvvəyə malik sənəd kimi rolunu, eyni zamanda müstəqil və suveren dövlətin möhkəmləndirilməsi istiqamətində əldə olunmuş fundamental nailiyyətləri bir daha ön plana çıxarır. Prezidentin bu addımı hüquqi islahatların yalnız normativ bazanın təkmilləşdirilməsi ilə məhdudlaşmadığını, eyni zamanda insan amilinin ön planda saxlanıldığını nümayiş etdirir.
Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır. Eyni zamanda layihənin şamil ediləcəyi insanların sayını nəzərə alsaq, bu, müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya hesab edilə bilər. Prezident İlham Əliyevin təklifi sayəsində amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub. Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktı qəbul edilib.
Beynəlxalq müstəvidə də bu cür təşəbbüslər Azərbaycanın müasir, hüquqa əsaslanan və humanist dəyərlərə söykənən dövlət imicini möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu siyasət göstərir ki, Azərbaycan güclü suverenliyini insan hüquqlarına hörmətlə uzlaşdırmağı bacaran dövlətdir. Nəticə etibarilə, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyinin bariz nümunəsidir. Bu addım hüquqi dövlət quruculuğunun, sosial ədalətin və mənəvi dəyərlərin vəhdətini ifadə edərək, Azərbaycan cəmiyyətinin daha sağlam və həmrəy gələcəyinə xidmət edir.
Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri