Musavat TV-nin YouTube platformasında yayımlanan canlı debat zamanı millət vəkilləri Elman Nəsirov və Razi Nurullayev arasında müzakirələr aparılıb.
Debat çərçivəsində çıxış edən Elman Nəsirov ölkədə qazlaşdırma səviyyəsinin yüksək olduğunu bildirib. Deputat qeyd edib:
“Bu günləri qazlaşdırma artıq 96.7, təxminən 97%-ə gəlib çatıb. Bu azdır, ya çoxdur müqayisə etsək dünyada bu göstəriciyə görə biz birinci onluqda deyilik. Biz elə birinci dövlətik.”
Bununla yanaşı, millət vəkili təmsil etdiyi Cəlilabad rayonunda, xüsusilə İranla sərhəddə yerləşən kəndlərdə qazlaşdırma ilə bağlı problemlərin davam etdiyini diqqətə çatdırıb. O bildirib:
“Cəlilabadın İranla sərhəd kəndlərində bu problem ciddi bir problemdir. Hətta mən söylədim ki, o 3%-ə qədər ki qazlaşmayıb, bəlkə onun elə ən böyük hissəsi Cəlilabadın payına düşür. Cəlilabadın 118 kəndi var. 118-dən 62 kənddə hələ qazlaşma yoxdur və bunu mən dəfələrlə qaldırmışam, parlamentdə də demişəm. Söhbət ondan gedir ki, bu İranla sərhəddə olan kəndlərdir. İranla sərhəddə olan kəndlərə xüsusi diqqət olmalıdır.”
Deputat vurğulayıb ki, mövcud vəziyyət əhalinin kəndləri tərk etməsinə səbəb olur. Onun sözlərinə görə, sərhədyanı ərazilərin inkişafı ilə bağlı xüsusi dövlət proqramının qəbul edilməsi zəruridir. Elman Nəsirov hesab edir ki, qazın olmaması və digər infrastruktur problemləri səbəbindən bu ərazilərdə məskunlaşma səviyyəsi azalır və məsələ strateji baxımdan xüsusi diqqət tələb edir.
Videounu buradan izləyə bilərsiniz.