Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılması dövlətimizin və xalqımızın sarsılmaz iradəsi nəticəsində tarixi ədalətin bərpasının parlaq təcəssümüdür. Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan Memorial xalqımızın başına gətirilən bu müsibətin, tarixi həqiqətlərin gələcək nəsillərə, beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm önəm kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
Xocalı faciəsinin Ermənistan dövləti tərəfindən azərbaycanlılara və bütövlükdə insanlığa qarşı törədilmiş qanlı cinayətlərdən olduğunu söyləyən komitə sədri deyib: “Lakin bu faciə Azərbaycan xalqının əzmini qırmadı. Ölkəmiz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası əsasında Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük inkişaf yolu qət etdi. Dövlətimizin başçısının da açılış mərasimində dediyi kimi: “Biz ədalətə addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda hərbi cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular”. Bəli, qüdrətli Azərbaycan dövləti, xalqı öz qisasını döyüş meydanında aldı, öz torpaqlarını işğalçılardan azad etdi, Xocalı qatillərini ədalət məhkəməsi qarşısında cəzalandırdı”.
Memorialın Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırıldığını bildirən Ş.İsmayılov qeyd edib ki, Fond yarandığı gündən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası faciə ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində olduqca mühüm əhəmiyyət kəsb etdi.
Deputat, həmçinin bildirib ki, bu gün Xocalının bərpası istiqamətində görülən işlər isə yeni mərhələnin başlanğıcıdır. Hazırda Xocalıda və işğaldan azad edilmiş digər ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır. Yeni yaşayış binaları, sosial obyektlər, infrastruktur layihələri həyata keçirilir. Enerji təminatı gücləndirilir, yarımstansiyalar və rəqəmsal idarəetmə mərkəzləri istifadəyə verilir. Artıq bölgədə sülh bərqərar olub. Lakin daha bir vacib məsələ var. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, düşmən hər zaman bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”, – deyə Şahin İsmayılov fikrini yekunlaşdırıb.