Son dövrlər Azərbaycan futbolunda yalnız meydandakı nəticələr deyil, meydandan kənarda baş verən informasiya müharibələri də diqqət mərkəzinə çevrilib. Xüsusilə region futbolunun simvollarından sayılan Kəpəz PFK ətrafında gedən müzakirələr göstərir ki, artıq tənqid və qərəz arasındakı sərhəd getdikcə daha çox mübahisə doğurur. Bir tərəfdən medianın obyektiv tənqid haqqı, digər tərəfdən isə bu tənqidlərin məqsədli kampaniya xarakteri daşıyıb-daşımaması sual altına düşür.
Mövzu ilə bağlı açıqlama verən “Ganjavimedi.az” və “Strateji.az” xəbər portallarının baş redaktoru, “Najafsoy Group”un direktoru, 1997–2002-ci illərdə “Kəpəz”də futbolçu kimi fəaliyyət göstərmiş Elşən Gəncəvi bildirib ki, o, doğma şəhər Gəncənin qüruru olan “Kəpəz” PFK-in yanında olduğunu bir daha açıq şəkildə bəyan edir.

Onun sözlərinə görə, son oyunların nəticələri klubun inkişaf yolunda olduğunu açıq şəkildə göstərir:
“Son 4 qarşılaşmada 2 qələbə və 2 heç-heçə qeydə alınıb. Bu, təsadüfi nəticə deyil, komandanın zəhmətinin, inamının və düzgün qurulan sistemin nəticəsidir. Xüsusilə Qarabağ FK üzərində qazanılan qələbə “Kəpəz”in necə bir ruhda mübarizə apardığını ortaya qoydu. Bu uğurlarda baş məşqçi Azər Bağırovun əməyi danılmazdır.”
Elşən Gəncəvi qeyd edib ki, komandanın yüksəlişi yalnız meydandakı oyunla məhdudlaşmır:
“Bu inkişafın arxasında klub daxilində aparılan sistemli iş dayanır. İdarə Heyətinin üzvü Fərman Əlizadə və icraçı direktor Ruslan Məmmədovun rəhbərliyi ilə Akademiyada görülən işlər artıq öz bəhrəsini verir. Gənc futbolçuların inkişafı, infrastrukturun yaxşılaşdırılması “Kəpəz”in gələcəyinə qoyulan ciddi sərmayədir.”
O, bəzi media orqanlarında səsləndirilən tənqidlərə də münasibət bildirib:
“Təəssüf ki, bəzi şəxslər klub haqqında ədalətsiz və qərəzli fikirlər səsləndirir, əsassız ittihamlarla “Kəpəz”ə kölgə salmağa çalışırlar. Tənqid əlbəttə vacibdir, amma bu tənqid obyektiv və ədalətli olmalıdır. Qərəzli yanaşmalar isə nə Gəncəyə yaraşır, nə də klubun zəngin tarixinə.”
Sonda o, azarkeşlərə və ictimaiyyətə çağırış edib:
“Bu gün “Kəpəz”in ən çox ehtiyac duyduğu şey birlikdir. Şəxsi narazılıqları və süni mübahisələri bir kənara qoyaraq klubun ətrafında birləşməliyik. “Kəpəz” təkcə futbol klubu deyil – bu, Gəncənin ruhudur, tarixidir, qürurudur. Biz birlikdə güclüyük.”