“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi” çərçivəsində həyata keçirilən “Peşəkar Tədrisə Doğru – İngilis dili müəllimləri üçün CELTA hazırlıq proqramı” qrant layihəsi uğurla yekunlaşıb. Layihə Qəbələ şəhəri Vahid Qəhrəmanov adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Nuranə Süleymanova tərəfindən icra olunub.
Layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində çalışan ingilis dili müəllimlərinin peşəkar inkişafını dəstəkləmək, onları beynəlxalq standartlara uyğun tədris metodları ilə tanış etmək və müəllimlər arasında təcrübə mübadiləsini təşviq etmək olub.
Layihə çərçivəsində ölkənin müxtəlif bölgələrindən olan 20 ingilis dili müəllimi onlayn CELTA hazırlıq kursuna cəlb edilib. Təlim müddətində iştirakçılar müasir tədris metodikaları, dərsin planlaşdırılması, şagirdyönümlü yanaşmalar və effektiv ünsiyyət bacarıqları üzrə bilik və bacarıqlarını inkişaf etdiriblər. Müəllimlərin kurs üzrə fəaliyyəti mütəmadi izlənilib, onlara metodiki və mentor dəstəyi göstərilib.
Layihə müddətində mentor Fəridə Ağayeva ilə bir sıra onlayn görüşlər təşkil olunub. Görüşlər zamanı müəllimlərlə kursun məzmunu, tədris prosesində tətbiq edilən yanaşmalar və peşəkar inkişaf imkanları barədə müzakirələr aparılıb. Eyni zamanda layihənin eksperti Günay Əkbərova tərəfindən iştirakçılara peşəkar inkişaf və müasir tədris bacarıqları ilə bağlı tövsiyələr təqdim olunub.
Layihənin sonunda həm onlayn, həm də əyani formatda bağlanış tədbirləri keçirilib. Tədbirlər zamanı iştirakçılar əldə etdikləri nəticələri və qazandıqları təcrübələri bölüşüb, müəllimlər arasında faydalı fikir mübadiləsi aparılıb. Layihənin nəticəsi olaraq iştirakçı müəllimlərin beynəlxalq standartlara uyğun tədris bacarıqlarının inkişaf etdirilməsinə və onların peşəkar şəbəkələşməsinə mühüm töhfə verilib.





