12 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən “Mərkəzi Rayon Xəstəxanası” Ərazi partiya təşkilatında partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətinin nəticəsi idi. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis qurultayında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu. Həmin dövrdə Azərbaycanın qarşısında ciddi siyasi, iqtisadi və hərbi problemlər dayanırdı. Ölkənin ərazi bütövlüyü təhlükə altında idi, idarəetmədə böhran yaşanır, cəmiyyətdə sabitliyə və güclü siyasi iradəyə böyük ehtiyac duyulurdu. Belə bir şəraitdə YAP-ın yaradılması xalqın sabitlik, inkişaf və güclü dövlətçilik arzularının siyasi ifadəsinə çevrildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi və çağırışı ilə hakimiyyətə qayıdışından sonra Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatında aparıcı qüvvəyə çevrildi. Sonrakı illərdə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, iqtisadi inkişafın təmin olunması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi.
Müşfiq Səfərov bildirdi ki, Yeni Azərbaycan Partiyasının qurultayları yalnız təşkilati məsələlərin müzakirə edildiyi tədbirlər deyil. Bu qurultaylar həm də partiyanın qarşıdakı dövr üçün siyasi prioritetlərini, təşkilati fəaliyyət istiqamətlərini və yeni hədəflərini müəyyən edən mühüm platformalardır. 2021-ci ildə keçirilmiş VII Qurultaydan sonra ölkənin siyasi, iqtisadi və geosiyasi həyatında mühüm dəyişikliklər baş verdi. Həmin qurultay Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsindən qısa müddət sonra keçirilmişdi. VIII Qurultay isə daha fərqli tarixi mərhələyə təsadüf etdi. Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi yeni siyasi və geosiyasi reallıqlar şəraitində qurultay keçirdi. Bu baxımdan VIII Qurultay həm keçmiş dövrün yekunlarının qiymətləndirilməsi, həm də gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə Beyləqan rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru, “Mərkəzi Rayon Xəstəxanası” Ərazi partiya təşkilatının sədri, Qurultay nümayəndəsi Leylan Nəsirova, Baş Həkim Şahlar Hüseynov, Şöbə müdiri Əli Məmmədov, Poliklinikanın müdiri Natiq Şükürov çıxış edərək bildirdilər ki, Otuz ildən artıq dövrdə xalqın rəğbətini qazanaraq iqtidarda olan, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında qurulan YAP, bu gün nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqazın ən böyük və monolit siyasi təşkilatı statusunu ucaltmaqdadır.
Qurultayda dövlət başçısı tərəfindən elan olunan hədəflər Azərbaycanın təkcə daxili siyasətini deyil, həm də regional və qlobal miqyasda geosiyasi mövqeyini gücləndirməyə hesablanıb. Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpası, “Böyük Qayıdış” proqramının uğurla icra edilməsi, müasir ordu quruculuğunun daha da inkişaf etdirilməsi və milli təhlükəsizliyin ən yüksək səviyyədə qorunması növbəti mərhələnin əsas prioritetləri kimi rəsmiləşdirildi. Eyni zamanda, iqtisadi müstəqilliyin dərinləşdirilməsi və beynəlxalq tranzit daşımalarında Azərbaycanın rolunun artırılması istiqamətində konkret hədəflər ortaya qoyuldu. Bu qurultay, təşkilati strukturun müasir dövrün çağırışlarına uyğun olaraq çevikləşdirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin dövlətçilik prinsipləri ətrafında daha sıx birləşməsi baxımından ideoloji təkamül toplantısı oldu. Azərbaycan xalqının öz Lideri ətrafında nümayiş etdirdiyi sarsılmaz vəhdət, Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə ölkəmizin daha qüdrətli, təhlükəsiz və dayanıqlı gələcəyə doğru inamla irəliləyəcəyinin ən böyük təminatıdır.